Heydər Əliyevin şərəfli ömür yolu Azərbaycan tarixinin böyük bir hissəsidir
Bakı, 12 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Yeni Azərbaycan Partiyası ərazi təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Açılış nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, institutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev dahi lider Heydər Əliyevin Azərbaycan xalqının yetişdirdiyi ən böyük tarixi şəxsiyyət olduğunu söyləyib. Əfsun Sucayev qeyd edib ki, Heydər Əliyev hər zaman Azərbaycan xalqına bağlı olub və onun şərəfli ömür yolu Azərbaycan tarixinin böyük bir hissəsidir.
“Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Onun qəlbi həmişə Azərbaycanla döyünüb. Onun apardığı uzaqgörən siyasət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan ölkəni qurtuluşdan tərəqqiyə apardı, onun layiqli davamçısı Prezident İlham Əliyev isə Azərbaycanı tərəqqidən böyük Zəfərə daşıdı”, - deyə Əfsun Sucayev əlavə edib.
Tədbirdə təqdimatla çıxış edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova bildirib ki, Heydər Əliyev 30 il öncə sovet rejiminin ən güclü vaxtlarında Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq bir məktəbin yaradılmasına nail olub. Həmin məktəb Azərbaycanda milli ordu quruculuğunun əsas tədris ocaqlarından birinə çevrilib. 30 il öncə həmin məktəbin müdavimləri olanlar indi Azərbaycan Silahlı Qüvvələrinin komandirləri, generallarıdır.
Sonra institutun aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Nüsrət Əliyev Ümummilli Lider Heydər Əliyev haqqında xatirələrini bölüşüb.