Həzi Aslanovun adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunub
Bakı, 22 yanvar, AZƏRTAC
Yanvarın 22-də Şəhidlər xiyabanında adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunan, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əfsanəvi generalın abidəsi önünə əkililərin qoyulması ilə başlanan mərasimdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Rasim Əliyev H.Aslanovun şərəfli ömür yolu və qəhrəmanlığı barədə ətraflı məlumat verib. Müasir gəncliyimizin qəhrəman sərkərdədən çox şey öyrənməli olduğunu deyən idarə rəisi vurğulayıb ki, bu cür tədbirlərin keçirilməsi gənclərimizin vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rol oynayır.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov H.Aslanovun hərbi xidmətlərindən danışıb, görkəmli sərkərdənin ömür yolunun hər bir gəncə dəyərli nümunə olduğunu bildirib.
Qəhrəmanın nəvəsi Emin Aslanov ailə üzvləri adından Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.