Hindistanda etiraz yürüşü keçirən fermerlər Baş nazirlə görüşmək istəyirlər
Bakı, 14 fevral, AZƏRTAC
Hindistanda Dehliyə doğru yürüşü davam etdirən fermerlər Baş nazir Narendra Modi ilə görüş tələb edirlər.
AZƏRTAC ANI agentliyinə istinadla xəbər verir ki, bu barədə etirazçıların liderlərindən biri Sarvan Sinqh Pandher deyib.
Hindistan hökuməti isə fermerlərlə danışıqları davam etdirməyə hazır olduğunu açıqlayıb. “Biz fermerlərlə konstruktiv və müsbət dialoq aparmaq üçün səy göstəririk”, - deyə kənd təsərrüfatı naziri Arcun Munda bildirib. O, həmçinin etirazçıları yerli sakinlərin normal həyatını pozmamağa çağırıb.
Paytaxt Dehlidə aksiya səbəbindən təhlükəsizlik tədbirləri gücləndirilib, şəhərə giriş məhdudlaşdırılıb. Mart ayınadək beş və daha çox insanın bir yerdə toplaşması qadağan olunub.
Qeyd edək ki, Hindistanın Pəncab, Haryana və Uttar-Pradeş ştatlarında fermerlər hökumətdən gələcək məhsul üçün onlara minimum qiymət zəmanəti verəcək qanunun qəbulunu tələb edirlər. Bundan başqa, etirazçılar onlara pensiya verilməsini, təsərrüfatların borcdan azad edilməsini, Hindistanın Ümumdünya Ticarət Təşkilatından çıxmasını və bütün azad ticarət müqavilələrinin dondurulmasını istəyirlər.
Fevralın 13-də təhlükəsizlik qüvvələri etirazçıların Dehliyə traktor yürüşünə mane olub. Yürüş Hindistan paytaxtından 200 kilometr məsafədəki Haryana və Pəncab əyalətlərinin sərhədində dayandırılıb. Polis yollarda quraşdırılan maneələri və infrastrukturu dağıdan etirazçılara qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. Nəticədə axşam saatlarında təşkilatçılar yürüşü dayandırmaq məcburiyyətində qalıb. Həmin gün hökumət rəsmiləri ilə etirazçılar arasında görüş baş tutub, lakin fermerlər nəticələrdən razı qalmayıb.