HOLLANDİYA VƏ BMT MƏHKƏMƏYƏ CƏLB EDİLƏCƏK
Bosniya müharibəsi zamanı Srebrenitsa sakinlərinin təhlükəsizliyini təmin etmək vəzifəsi BMT-nin sülhməramlı qüvvələrinin tərkibinə daxil olan Hollandiya əsgərlərinə tapşırılmışdı. Hollandiya ordusu və BMT dinc sakinlərin müdafiəsinə dair öhdəliklərini yerinə yetirməməkdə və Bosniya serblərinin qoşunları ilə əlbir olmaqda təqsirləndirilir.
Niderland hökumətinə və BMT-yə qarşı iddianı Hollandiyanın “Van Diepen Van der Kroyf” vəkillər kontorundan olan alman Aksel Hagedornun başçılığı ilə 14 hüquqşünas irəli sürmüşdür. Hagedorn Srebrenitsada həlak olanların ailələrinə yardım üçün xüsusi fond yaratmaq niyyətindədir. Onun planına əsasən, fondu Hollandiya hökuməti və BMT maliyyələşdirəcəkdir.
Xatırladaq ki, serblər Srebrenitsanı ələ keçirdikdən sonra burada təxminən səkkiz min müsəlmanı qırmışlar. Onların məhv edilməsinə görə məsuliyyət Bosniya serblərinin liderləri Radovan Karaciçin və Ratko Mladiçin üzərinə atırlar.
2002-ci ildə məruzənin dərc edilməsi ilə əlaqədar Niderland hökuməti istefa vermişdir. Məruzədə deyilirdi ki, Hollandiyanın siyasi rəhbərliyi və hərbi komandanlığı Srebrenitsada kütləvi qırğınların qarşısını almaq üçün lazımi tədbirlər görməmişlər.