Höteburqdakı “Oceana” akvaparkında güclü yanğın olub
Stokholm, 12 fevral, Nərgiz Cəfərli, AZƏRTAC
İsveçin ikinci ən böyük şəhəri olan Höteburqda inşa edilən “Oceana” akvaparkında güclü yanğın baş verib.
AZƏRTAC “NCC” tikinti şirkətinin məlumatına istinadla xəbər verir ki, yanğın tikinti işləri zaman başlayıb. On üç nəfərin yüngül xəsarət aldığı deyilir.
Bildirilir ki, yanğın su attraksionlardan birində, əsas binanın çölündə baş verib, sonra isə binanın daxilinə də keçib. Yayılmış alov partlayışa səbəb olub, nəticədə şüşələr tökülüb, binanın tavanı çöküb.
“Həyəcan siqnalı səsləndiyi an həmin yerdə 30-40 nəfər olub. Biz, əlbəttə ki, dərhal insanların evakuasiyasına, eyni zamanda, yanğını söndürməyə başladıq. Bu, plastiklə işlənmiş hündür binadır, buna görə də həm də güclü tüstülənmə baş verib”, - deyə şirkətin istismar üzrə meneceri Klas Lüppert yerli mətbuata bildirib.
Avropada ən böyük akvapark olan “Oceana”nın tikintisi 1,2 milyard dollara başa gəlib. Onun 2024-cü ilin yayında istismara verilməsi planlaşdırılır.