Hyustonda Xocalı soyqırımı ilə əlaqədar etiraz tədbiri keçirilmişdir
Vaşinqton, 24 fevral (AZƏRTAC). Hyustonda Xocalı soyqırımı ilə əlaqədar etiraz tədbiri olmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbir şəhərin əsas küçələrinin kəsişdiyi, avtomobillərin və piyadaların daha intensiv hərəkətinin müşahidə edildiyi yerlərdə keçirilmişdir. Məqsəd Amerika ictimaiyyətinə 1992-ci il fevralın 26-da Xocalı şəhərinin işğalı zamanı Azərbaycanın dinc əhalisinə qarşı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər haqqında məlumat vermək olmuşdur.
Təşkilatçılar təkcə ingilis dilində deyil, həmçinin Texasın Meksika icmasının, habelə ştatın digər Latın Amerikası ölkələri icmalarının danışdıqları ispan dilində şüarlar çap etmişdilər. Etiraz edənlərin plakatlarında yazılmışdı: “BMT Baş Məclisi Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyir (A:62/L.42)”, “Texasın Nümayəndələr Palatası HR535 qətnaməsi ilə Xocalı qırğınını tanımışdır”, “Xocalını unutmayın: 613 nəfər dinc sakin, o cümlədən qadınlar, uşaqlar və yaşlılar öldürülmüş, 1275 nəfər itkin düşmüşdür”, “Xocalı qırğınını tanıdıqlarına görə Texas, Massaçusets ştatlarına, Meksikaya, Pakistana minnətdarıq!”, “Avropa Şurasının Parlament Assambleyası Azərbaycana qarşı erməni təcavüzünü pisləyir (2005-ci il 25 yanvar tarixli 1416-cı qətnamə)” və s.
Nümayiş zamanı Azərbaycan fəalları Xocalı qırğını və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında informasiya verən vərəqələr yaymışlar.
Nümayişdən sonra “Hyuston azərbaycanlıları” (Houston Azerbaijanis) təşkilatının prezidenti Cavid Zeynalov demişdir: “Hər il biz bu etiraz tədbiri ilə Xocalı qurbanlarının xatirəsini yad edirik. Hyuston və bütün Texas ştatı erməni silahlı qüvvələrinin dinc azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən xəbərdar olmalıdır. Texasın Nümayəndələr Palatası Xocalı soyqırımını artıq rəsmən tanımışdır”.