İçərişəhərdə “Xocalıda sahibini itirənlər” foto-art sərgisi açılmışdır
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Qız qalası” rəsm qalereyasında Xocalı faciəsinin 21-ci ildönümünə həsr edilmiş foto-art sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri açan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi Rahib Azəri Xocalı soyqırımının Azərbaycan tarixində misli görünməmiş faciə olduğunu bildirmiş, belə bir sərginin ilk dəfə təşkil edildiyini vurğulamışdır.
İdarənin rəisi Mikayıl Cabbarov Xocalı soyqırımının dünyada tanıdılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimiz tərəfindən bir çox ölkələrdə tədbirlər, konfranslar, aksiyalar, sərgilər təşkil edildiyini bildirmişdir. Bu tədbirlər sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası xüsusi vurğulanmışdır.
Sərgidə nümayiş olunan fotoşəkillərdə faciənin qeyri-adi aspektdən təqdim edildiyini qeyd edən M. Cabbarov bildirmişdir ki, “Xocalıda sahibini itirənlər” adlanan foto-art sərgi faciə qurbanlarının tapılmış şəxsi əşyalarının sanki insanlığa müraciətidir. Şəkillər insanda əşyalarını itirənlərin nəinki cinsi, yaşı, dünyagörüşü, hətta onların arzu və istəkləri barədə də təsəvvür yaradır.
Sərgidə gənc fotoqraf-rəssam Sitarə İbrahimovanın Xocalı faciəsi qurbanlarının əşyalarını əks etdirən 29 fotoşəkli nümayiş olunur.
Sərgi fevralın 26-dək davam edəcəkdir.