İctimai-siyasi Sənədlər Arxivində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində Ulu Öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova “Böyük arzularla yaşayan lider” adlı məruzə ilə çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövr ölkənin ən çətin zamanlarına, taleyüklü məqamlarına təsadüf edib. Ulu Öndər gücünü, fitri istedadını, müdrikliyini Vətənimizin mənafeyinə, nüfuz və qüdrətinin artmasına, milli birliyin bərqərar olunmasına yönəldib.
Ümummilli Liderin ilk hakimiyyəti dövründə qarşısına qoyduğu əsas vəzifənin ölkəni dirçəltmək, ikinci mərhələnin başlanğıcında Azərbaycanın parçalanmasının, milli kimliyin itirilməsinin qarşısını almaq, çöküş dövrünü yaşayan ölkəni yenidən ayağa qaldırmaq olduğunu vurğulayan E.Ələkbərova qeyd edib ki, Ulu Öndərin ən böyük arzusu müstəqil Azərbaycanın siyasi və iqtisadi cəhətdən dayanıqlı, güclü və daim inkişaf edən bir dövlət olması idi.
Dahi Heydər Əliyevin apardığı iqtisadi islahatlardan, onun rəhbərliyi ilə həyata keçirilən layihələrdən bəhs edən direktor Ulu Öndərin Qarabağla bağlı arzularını bir daha xatırladıb. Diqqətə çatdırıb ki, qəhrəman Azərbaycan ordusu və xalqı möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında sıx birləşərək möhtəşəm Qələbə qazanıb. Bununla da, Ulu Öndərin və bütün dünya azərbaycanlılarının arzusunu gerçəyə çeviriblər.
“Bu gün görülən işlər, həyata keçirilən layihələr, inkişafın bütün istiqamətlərində əldə olunan nailiyyətlər dahi siyasətçi Heydər Əliyevin çox sevdiyi əziz Vətəni, bütün ömrünü həsr etdiyi doğma xalqı ilə bağlı arzularının bir-bir gerçək olduğunun ən bariz nümunəsidir. Ümummilli Liderin qoyduğu yol yaşayır, inkişaf edir və əsrlərə hesablanmış bir dövlətçilik modeli kimi davam etdirilir. Bu gün Ulu Öndər bizimlə deyil, ancaq siyasəti, qurduğu müstəqil Azərbaycanı yaşayır. Nə qədər ki, Azərbaycan dövləti və xalqı var, Heydər Əliyev də yaşayır və yaşayacaq!”, - deyə o əlavə edib.
Sonra yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlillinin “Heydər Əliyev dühası”, Arxiv fondlarının mühafizəsi və uçotu bölməsinin aparıcı məsləhətçisi Sevinc Soltanovanın “Heydər Əliyev və gənclər siyasəti” və Nəşrlərin mühafizəsi və uçotu bölməsinin məsləhətçisi Mələk Nəhmədovanın “Heydər Əliyev və təhsil siyasəti” mövzusunda məruzələri dinlənilib.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.