İctimaiyyət nümayəndələri “N” nömrəli hərbi hissənin qonağı olublar
Bakı, 20 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində bir qrup ictimaiyyət nümayəndəsi “N” nömrəli hərbi hissənin qonağı olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev və rəhbərlik etdiyi kollektiv şəhid ailələri, müharibə veteranları, əsgərlərlə görüşüb və bayram hədiyyələri təqdim ediblər. Qonaqlar, həmçinin hərbi qulluqçuların xidmət və sosial məişət şəraiti ilə tanış olublar.
Görüşdə çıxış edənlər həmrəylik gününün yaranma tarixi, əhəmiyyəti, respublikamızın inkişafının möhkəm təməlini qoyan ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri və Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində bütün sahələrdə tərəqqinin təmin edilməsindən, eləcə də ordu quruculuğu sahəsində qazandığımız uğurlardan danışıblar.
Şəxsi heyət üçün təşkil olunan konsert proqramından sonra qonaqlar əsgərlərlə birlikdə nahar ediblər.