İctimaiyyət nümayəndələri sertifikatlaşdırma imtahanlarını izləyiblər
Bakı, 24 iyun, AZƏRTAC
Sertifikatlaşdırma imtahanlarının gedişi ilə yaxından tanış olmaq məqsədilə Elm və Təhsil Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və tanınmış ictimaiyyət nümayəndələrinin iştirakı ilə iyunun 24-də Azərbaycan Texniki Universitetinin İdman Kompleksinə mediatur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, mediatur iştirakçılarına bu gün ilk dəfə olaraq Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün keçirilən sertifikatlaşdırma imtahanları barədə məlumat verilib. Qeyd edilib ki, 8 min 500-ə yaxın Azərbaycan dili və ədəbiyyat müəllimi imtahana cəlb olunub.
Mediaturda iştirak edən Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib ki, sertifikatlaşdırma müəllimlərin davamlı inkişaf prosesidir və sertifikatlaşdırmadan keçən müəllimlər tədris prosesində daha üstün səriştə və bacarıq sərgiləyirlər.
Nurlan İsmayılbəyli əlavə edib ki, sertifikatlaşdırma diferensiallaşmış əməkhaqqı sisteminin tətbiqinə uyğun maaş artımına və sosial rifahın yüksəlməsinə də imkan yaradır.
Daha sonra qonaqlar proseslə bağlı fikir mübadiləsi aparıblar.