İdarəetmənin təkmilləşdirilməsi ilə bağlı seminar təşkil olunub
Bakı, 1 mart, AZƏRTAC
Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi, Britaniya Standartları İnstitutu (BSİ) və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) birgə təşkilatçılığı ilə Gəncə şəhərində “Yaxşı idarəçilik güclü fəaliyyəti və dayanıqlı inkişafı təmin edir” mövzusunda beynəlxalq seminar təşkil olunub.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, iki gün davam edən seminarda idarəetmə sahəsində ən yaxşı beynəlxalq təcrübələr, korporativ idarəetmənin əsas prinsipləri və elementləri, risk və imkanların təsnifatı nəzərdən keçirilib. Bundan əlavə, iştirakçılar beynəlxalq standartlaşdırma təşkilatının (ISO) idarəetmə standartları, o cümlədən “ISO 37001 Rüşvətxorluğa qarşı idarəetmə sistemləri” standartı, performansın monitorinqi, ölçülməsi, biznes tərəfdaşlarının idarəedilməsi və digər mövzularda məlumatlandırılıb.
Seminarda Gəncə Şəhər İcra Hakimiyyəti, burada yerləşən müvafiq dövlət qurumları və özəl sektordan nümayəndələr iştirak ediblər.