IDEA və Təhsil Nazirliyi məktəblilər üçün ekoloji tədris proqramını davam etdirir
Bakı, 30 mart, AZƏRTAC
IDEA İctimai Birliyi və Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin məktəblərdə ekoloji maarifləndirilmənin daha da gücləndirilməsi məqsədilə başladığı “Ətraf mühiti birgə qoruyaq” mövzusunda ekoloji tədris proqramı davam edir.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, proqram çərçivəsində mart ayında keçirilən təlimlər tullantıların idarə olunmasına həsr olunub. Təlimlər Bakı şəhəri, Vüqar Sadıqov adına 214 nömrəli məktəbdə və humanitar fənlər təmayüllü Respublika gimnaziyasında, fizika-riyaziyyat və informatika təmayüllü liseydə təşkil edilib.
Təlimlərin nəzəri mərhələsində şagirdlərə tullantılar, onların ətraf mühitə təsiri, tullantıların çeşidlənməsi və təkrar emalı, məişət tullantılarının azaldılması üsulları, utilizasiya, bərk məişət tullantıları probleminin həlli yolları, təhlükəli çirkləndiricilərin növləri ilə bağlı ətraflı məlumat verilib. Praktiki iş zamanı isə şagirdlər tullantıların azaldılması və təkrar istifadəsi ilə bağlı təcrübələrini bölüşüb, qrup şəklində krossvord və testlərin həllinə, viktorinalara cəlb olunublar.
Həmçinin şagirdlərin Qala qəsəbəsində yerləşən “Tullantıdan sənətə” Muzeyinə və Azərbaycan Kağız və Karton İstehsalı Kombinatına ekskursiyası da təşkil edilib.
Proqram çərçivəsində il ərzində Bakı şəhəri üzrə digər pilot orta məktəblərdə fəaliyyət göstərən "Ekoklub" üzvləri üçün də təlimlərin təşkil edilməsi nəzərdə tutulub.