İdris İsmayılov: İşğaldan azad edilən ərazilərin 68 min 953 hektarı minalardan təmizlənib
Füzuli, 7 mart AZƏRTAC
İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi həyata keçirilən quruculuq və bərpa işlərinin əsasını təşkil edir. Bu istiqamətdə aparılan işlərin nəticəsi olaraq işğaldan azad edilən ərazilərin 68 min 953 hektarı minalardan təmizlənib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Əməliyyat idarəsinin rəisi İdris İsmayılov deyib.
Füzuli Beynəlxalq Hava Limanında keçirilən Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupunun iclasında çıxış edən ANAMA-nın nümayəndəsi bildirib ki, işğaldan azad ediən ərazilərdə 82 min 744 ədəd partlamamış mina və digər növ silah- sursat tapılaraq zərərsizləşdirilib.
Onun sözlərinə görə təmizlənmiş ərazilərin 8,1 faizi və yaxud təxminən 5 min 600 hektarı nəqliyyat və rabitə xətlərinin keçəcəyi ərazilərdir. Aşkar edilmiş mina, partlamamış silah və sursatın 1/5-i bu ərazilərin payına düşür. Agentlik dəmiryol xətti üzrə 1 070 hektar ərazini təmizləyib, o cümlədən ötən ilin 12 noyabr tarixində Bərdə-Ağdam dəmiryol xətti üzrə 128 hektar ərazini təmizlənərək təhvil verib. Füzuli-Zəngilan-Ağbənd dəmiryol xətti üzrə isə 941 hektar ərazi təmizlənib və ötən il Nazirlər Kabinetinin tədbirlər planı tam icra olunub. Cari ildə yol yatağında genişlənmə işlərini nəzərə alaraq əlavə 77 hektar ərazinin təmizlənməsi nəzərdə tutulub. Hazırda Agentlik Füzuli-Ağdam, Qubadlı-Mahmudlu-Yazı düzü və Ağdam-Hindarx-Ağcabədi avtomobil yollarında minatəmizləmə işlərini davam etdirir.
Ümumiyyətlə 2023-cü ilin tədbirlər planında 820,1 hektar ərazinin mina, partlamamış silah və hərbi sursardan təmizlənməsi nəzərdə tutulub.