İdxal edilən kartof məhsulunda karantin tətbiq edilən orqanizm aşkarlanıb
Bakı, 21 dekabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasından fiziki şəxs Əskərov Şəmistan Kidır oğlu tərəfindən idxal olunan 20 min 450 kiloqram toxumluq kartof məhsuluna və hüquqi şəxs "AZ-AQRO FARM" MMC tərəfindən idxal olunan 19 min 950 kiloqram ərzaqlıq kartof məhsuluna baxış keçirilib.
Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm - kartof gövdə nematode və kartof yumrularında halqavari çürümə aşkarlanıb.
Agentlik istifadəyə yararsız kartof məhsulu partiyalarının məhv edilməsi barədə qərar qəbul edib.