İğdırda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı konfrans keçirilmişdir
Bakı, 2 aprel (AZƏRTAC). Türkiyənin İğdır şəhərində Türkiyə Azərbaycan Dərnəyinin (TAD) və Türkiyə Beynəlxalq Əlaqələr və Strateji Tədqiqatlar Mərkəzinin (TÜRKSAM) təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı konfrans keçirilmişdir.
“İğdır və bölgədə azərbaycanlılara qarşı soyqırımıları və erməni iddiaları” mövzusunda keçirilmiş konfransda Milli Məclisin deputatları Fəttah Heydərov, Qənirə Paşayeva, Azay Quliyev, Musa Qasımlı, Fazil Mustafa, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Elnar Məmmədov iştirak etmişlər.
İştirakçılar əvvəlcə İğdırda Türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə və muzeyi, Atatürk və Heydər Əliyevin abidələrini ziyarət etmiş, şəhərin iş adamları ilə Azərbaycan-Türkiyə əlaqələrini müzakirə etmişlər.
Konfransda F.Heydərov Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirmişdir. Ermənilərin 1915-ci ildə Qubada törətdikləri qırğınları daha sonra Anadoluda davam etdirdiklərini deyən deputat dünya birliyini bu cür hərəkətləri pisləməyə çağırmışdır.
Q.Paşayeva 31 mart soyqırımını törətmiş ermənilərin cəzalandırılmasının vacibliyini vurğulamışdır.
TÜRKSAM və TAD-ın rəhbəri Sinan Oğan isə bildirmişdir ki, soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi gələcək nəsillərin ermənilərin törətdikləri bu vəhşilikləri unutmamasına imkan verəcəkdir.
Konfransda Q.Paşayevanın “Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım” kitabının təqdimatı da keçirilmişdir. Kitab tədbir iştirakçılarına paylanmışdır.
Bundan əlavə, konfrans çərçivəsində Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasının İğdır və bölgə üçün çox təhlükəli olduğu qeyd edilmiş, onun təcili olaraq bağlanması ilə əlaqədar müraciət səsləndirilmişdir.