İKİ ÖZƏL TİBB MÜƏSSİSƏSİNİN FƏALİYYƏTİNDƏ ÇATIŞMAZLIQLAR AŞKARA ÇIXARILMIŞDIR
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Medservis” klinikasında yoxlamalar zamanı metodik işin təşkilində və kadr seçimində qüsurlar, işçilərin stajının Nazirlər Kabinetinin müvafiq qərarına uyğun gəlməməsi faktları aşkar olunmuşdur. Bundan əlavə, komissiyanın üzvləri istifadə olunmuş tibb materiallarının zərərsizləşdirilmədən utilləşdirilməsi hallarını da müəyyənləşdirmişlər. Müəssisənin rəhbərliyinə müvafiq xəbərdarlıq edilmiş və nöqsanları aradan qaldırmaq üçün 10 gün möhlət verilmişdir.
“Vital klinika”da da oxşar qüsurlar aşkar olunmuşdur. Mərkəzə müalicə-profilaktika xidmətləri göstərmək üçün lisenziya verilməsinə baxmayaraq, burada plazmoferez prosedurası və cərrahiyyə əməliyyatları da aparılmışdır. Antiepidemiya rejiminə əməl edilməməsi, vaxtı ötmüş reaktivlərin mövcudluğu, istifadədə olan tibb avadanlığı barədə Dövlət Standartlaşdırma, Metrologiya və Patent Agentliyinin rəyinin olmaması faktları da üzə çıxarılmışdır.
Bildirilmişdir ki, “Vital klinika”nın fəaliyyəti aşkar olunmuş pozuntu hallarına görə müvəqqəti dayandırılmışdır və onun yenidən açılması klinikanın rəhbərliyindən asılıdır. Rəhbərliyə qısa müddətdə bütün çatışmazlıqları aradan qaldırmaq təklif olunmuşdur.