İQTİSADİYYAT
İki yerüstü piyada keçidi tikilir – fiziki məhdudiyyətli şəxslər üçün lift quraşdırılacaq VİDEO
Bakı, 25 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz keçmələrini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks işlər görülür.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun - Ağdaş rayonunun Ləki qəsəbəsi 262-ci və 266-cı kilometrlik hissələrində yerüstü piyada keçidləri inşa olunur. Qeyd edilib ki, hər iki yerüstü piyada keçidi metal konstruksiyalıdır.
Avtomobil yolunun 262-ci kilometrində tikilən yerüstü piyada keçidinin ümumi uzunluğu 46.8 metr, eni 3.3 metr olacaq. Pilləkənlərin eni 3 metr, yol səviyyəsindən hündürlüyü 5.5 metrdir. Keçiddə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir liftlər quraşdırılacaq.
Agentlik tərəfindən avtomobil yolunun 266-cı kilometrlik hissəsində tikilən piyada keçidinin isə uzunluğu 45 metrdir. Hərəkət hissəsinin eni 3.3 metr, yol səviyyəsindən hündürlüyü 5.5 metr olacaq. Hazırda keçidlərdə svay işləri aparılır.
Tikinti layihəsi çərçivəsində yolun kənarlarında yeni avtobus dayanacaqlarının quraşdırılması və ətrafın abadlaşdırılması işləri görüləcək.