İQTİSADİYYAT
İkinci ABB Regional Hakatonunun qalibləri elan olunub
Bakı, 7 iyul, AZƏRTAC
Azərbaycan Beynəlxalq Bankının təşkil etdiyi 2-ci ABB Regional Hakatonu başa çatıb. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən ideya marafonuna, həmçinin “Amazon Web Services”, “DAN.IT” və “Next Step” şirkətləri də dəstək olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, dünyanın 13 ölkəsindən nümayəndələrin qatıldığı tədbirdə iştirakçılar həm fərdi, həm də komandalar şəklində qeydiyyatdan keçiblər. Hakaton onlayn formatda keçirilsə də, arzu edən komandalara ABB İnnovasiya Mərkəzinin ofisində birgə çalışmaq üçün şərait yaradılıb. Komandalar layihələr irəli sürərək müxtəlif ölkələrdən dəvət edilmiş peşəkar mentorların dəstəyi ilə 48 saat ərzində fasiləsiz şəkildə öz layihələrinin prototiplərini hazırlayıblar.
Hakatonun əsas istiqamətləri pərakəndə bankçılıq sahəsini əhatə edib. Münsiflər Heyətinə innovativ həllərlə bağlı yarımfinala vəsiqə qazanan 10 ən yüksək xal toplamış layihə təqdim olunub. Komandalar layihələrinin prototiplərini onlayn şəkildə nümayiş etdiriblər. Münsiflərin verdikləri ballar əsasında 1-ci, 2-ci və 3-cü yerin qalibləri müəyyənləşib. Hakatonda 1-ci yeri Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təmsilçilərindən ibarət “MSU_WishMasters” komandası tutub. Onlar “ABB Market” layihəsi ilə qalib olublar. Layihə müştəri loyallığı sisteminin qurulmasını, pərakəndə xidmətlər üzrə müxtəlif analitik alətlərin və həyatı asanlaşdıran digər özəlliklərin veb-platformasına köçürülməsini nəzərdə tutur. İkinci yerə “Access Denied” komandası çıxıb. Bu komandanın irəli sürdüyü “All win” layihəsi riteyl xidmətləri bir araya gətirərək müştəri məmnunluğuna xidmət edir. Üçüncü yerin qalibi isə hakatona Cənubi Afrika Respublikasından qatılmış “VimDev” komandası olub. Bu komandanın “One way” adlanan layihəsi ödəniş metodlarının mobil tətbiqə köçürülməsi ilə alış-verişi daha da sadələşdirir.
Hakatonun şərtlərinə uyğun olaraq 1-ci yerin qalibinə 3000, 2-ci yerin qalibinə 2000, 3-cü yerin qalibinə 1000 manat məbləğində mükafat verilib. 2-ci yerin qalibi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xüsusi mükafatına da layiq görülüb.