İkiüzlü, hətta üçüzlü siyasətçi - Emmanuel Makron
Bakı, 18 fevral, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makronun 59-cu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Fransa dünyada” adlı tədbirdə çıxışı zamanı səsləndirdiyi fikirlər onun necə ikiüzlü, hətta üçüzlü siyasətçi olduğunu hamıya bir daha sübut etdi. Onun bu addımı bəllidir, hamı bilir ki, o, etnik ermənilərə daha yaxındır. Guya Makronun özü də çalışır ki, Cənubi Qafqazda sabitliyin əldə olunmasına kömək göstərsin, amma nəhayətdə görürük ki, gedir yenə “bacı”larına daha yaxın olur. Eyni zamanda, Fransada kifayət qədər varlı ermənilər yaşayır. Onlar Makrona maliyyə dəstəyi verirlər, Makron da onlarla dost olur, rəğbətlərini qazanmağa çalışır ki, gələcək seçkilərdə səs qazansın.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rüfət Quliyev söyləyib.
O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında (TŞ) islahatlar aparılmalı, say tərkibi artırılmalıdır. Əlli ildən çoxdur, eyni ölkələr təmsil olunur. Vəziyyətin bu cür davam etməsi ciddi problemlər yaradır.
Rusiya-Ukrayna müharibəsinin başlanmasında Qərb dövlətlərinin müəyyən qədər şərait yaratdığını diqqətə çatdıran deputat deyib: “Müharibə çoxsaylı insan tələfatıdır. Biz təbii ki, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Qərb dövlətləri Rusiyaya qarşı tətbiq edilən iqtisadi və maliyyə sanksiyalarının gücünüü artırılmağa çalışırlar ki, bu ölkə öz planlarından geri çəkilsin. Fransa hesab edir ki, Qərb birmənalı mövqe tutmalıdır. Daha çox çalışmalıdır ki, bu məsələni kökündən həll etsin. Çünki düşünür ki, Rusiya müharibəni dayandırsa, tələb edəcək ki, beş region qanuni formada onun tərkibində qalsın. Buna isə dünya dövlətləri razı olmayacaq. Beynəlxalq siyasətdə belə oyunlar çoxdur. Onlardan biri də ermənilərin işğalçılıq siyasətinə qarşı 30 il heç bir təzyiqin göstərilməməsidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə biz öz problemimizi özümüz həll etdik. İndi isə bunu sona çatdırmaq istəyirik. Regionda vəziyyət artıq dəyişib. Dünyanın bir çox dövlətləri və onların rəhbərləri Azərbaycanı dəstəkləyirlər. Onlar ermənilərdən tələb edirlər ki, Azərbaycanın təklif etdiyi beş baza prinsipi əsasında sülh müqaviləsini imzalasınlar”.