İLK 100 GÜNDƏKİ FƏALİYYƏTƏ YEKUN VURULDU
Onun sözlərinə görə, ötən dövrdə gənclərlə iş və idmanın inkişaf etdirilməsi nazirliyin fəaliyyətinin əsas istiqamətləri olmuşdur. Ənənəvi tədbirlərlə yanaşı, bir sıra mühüm aksiyalar da təşkil edilmişdir. Məsələn, martın 31-də, azərbaycanlıların soyqırımının dövlət səviyyəsində qeyd edildiyi gün gənclər təşkilatları bir çox ölkələrin parlamentlərinə, siyasətçilərə, müxtəlif təşkilatlara 4500 məktub göndərərək, erməni millətçilərin iki yüz il ərzində Azərbaycan xalqına qarşı apardığı soyqırım, təcavüz və deportasiya siyasəti barədə ətraflı məlumat vermişlər. Gənclərin məktublarında bildirilmişdir ki, erməni işğalçılar əzəli Azərbaycan torpaqlarını zəbt edərək dəhşətli faciələr törətmişlər - yüz minlərlə soydaşımız vəhşicəsinə öldürülmüş, doğma ocaqlarından didərgin salınmış, maddi mədəniyyətin misilsiz abidələri dağıdılmışdır.
Bu il Bakıda şahmat və boks üzrə beynəlxalq turnirlər keçirilmişdir. Mayın 29-da Azərbaycan-Gürcüstan sərhədində iki ölkə gənclərinin görüşü olacaqdır. GUAM ölkələrinin gənclər təşkilatları ilə əlaqələr inkişaf etdirilir.
Beynəlxalq idman qurumları ilə də əlaqələr genişlənir. Məsələn, UEFA-da görüşdə Azərbaycan və Ermənistan yığma komandaları arasında Avropa futbol çempionatının qarşıdakı seçmə oyunları ilə bağlı məsələ müzakirə olunmuşdur. Razılaşmaya əsasən, iki görüşün keçiriləcəyi yer barədə qərarı UEFA-nın özü qəbul edəcəkdir.
Azad Rəhimov demişdir ki, nazirlik gənc ailələr üçün ipoteka üzrə güzəştlər nəzərdə tutulması barədə respublika hökumətinə təklif göndərmişdir. Bu kateqoriyadan olan vətəndaşlar üçün kooperativ tipli evlər tikilməsinin mümkünlüyü də müzakirə olunur.
Nazir bildirmişdir ki, mətbuat konfransları hər rüb keçiriləcəkdir.