İlqar Qurbanov: Bəzi futbolçularımıza ölkə xaricindən təkliflər var
Bakı, 13 sentyabr, AZƏRTAC
Belçika yığması ilə matçın ilk hissəsində qol şanslarımız oldu. Lakin dəyərləndirə bilmədik. Futbolçularımız əzmkarlıq nümayiş etdirsələr də, sonda səviyyə fərqi öz sözünü dedi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın baş skautu İlqar Qurbanov Azərbaycan millisinin Belçika (0:1) və İordaniyaya (2:1) qarşı keçirdiyi oyunlar barədə danışarkən deyib.
Yığmamızın sabiq üzvü matçların oynanıldığı “Dalğa Arena”nın ot örtüyünün yaxşı vəziyyətdə olmadığını bildirib: “Amma bu amilin bizim oyunumuza təsir edib-etmədiyini deyə bilmərəm. Düzdür, sürətli oyun izləyə bilmirdik. Çünki meydan yaxşı vəziyyətdə deyildi”.
Millimizin baş məşqçisi Canni De Byazinin AFFA ilə müqavilə müddətinin noyabrda başa çatacağını xatırladan Qurbanov əlavə edib: “İtaliyalı mütəxəssisin yığmada qalıb-qalmayacağı məlum deyil. Bu barədə AFFA rəhbərliyi qərar verəcək”.
Azərbaycanlı futbolçuların ölkə xaricinə yollanmasında da vasitəçi olan veteran yarımmüdafiəçi yaxın zamanlarda əcnəbi klublara oyunçu transferinin gözlənilmədiyini vurğulayıb: “Sadəcə, bəzi futbolçularımıza müəyyən təkliflər var. Türkiyədə azərbaycanlı oyunçulara maraq daha çoxdur”.