İDMAN
İlqar Rəhimov: Azərbaycan idmanı Tokioda öz gücünü göstərdi VİDEO
Tokio, 28 avqust, AZƏRTAC
Azərbaycan idmanı Tokio Paralimpiya Oyunlarında öz gücünü göstərdi. Nəhayət Tokioda Azərbaycanın Dövlət Himni səsləndi, bayrağımız ən yüksək zirvədə dalğalandı. Bu münasibətlə mən bütün Azərbaycan xalqını təbrik edirəm.
Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məxsusi müsahibəsində Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov Tokio Paralimpiya Oyunlarının üçüncü günündə idmançılarımızın parlaq qələbələrini şərh edərkən bildirib.
Tokioda Paralimpiya Oyunlarının üçüncü gününün paralimpiyaçılarımız üçün çox uğurlu olduğunu bildirən AMPK prezidenti deyib: “Təbriklərə görə təşəkkür edirəm. Dünən Paralimpiya Oyunlarının üçüncü günü idi. Bizim komandanın çıxışa başlamasının isə ikinci günü idi. Bildiyiniz kimi, biz elə birinci gün bürünc medal qazandıq. Dünən isə daha möhtəşəm qələbələr əldə etdik. Dünənki nəticələrimiz, hesab edirəm ki, çox tarixi nəticələrdir. İdmançılarımız çox böyük bir qürurla, iradə ilə, mübarizə hissi ilə zəfərə doğru getdilər və nəticədə biz üç qızıl və bir bürünc medal qazana bildik. Bu münasibətlə mən bütün Azərbaycan xalqını təbrik edirəm. Azərbaycan idmanı öz gücünü bütün dünyaya göstərdi. Nəhayət Tokioda Azərbaycanın Dövlət Himni səsləndi, bayrağımız ən yüksək zirvədə dalğalandı”.
Bu möhtəşəm qələbələrin əldə edilməsində göstərilən qayğıya və diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə, bütün Azərbaycan xalqına təşəkkürünü bildirən İ.Rəhimov deyib: “Bu qələbələrin əldə edilməsinə görə mən Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm. Bizim hörmətli, sevimli, hamımızın and yeri, qürur yeri olan cənab Prezidentimizə təşəkkür edirik. Əgər onun bizim üzərimizdə bu əziyyəti, bu köməyi olmasa idi, təbii ki, biz bu qələbələri əldə edə bilməzdik. Bütün komandamız adından cənab Prezidenti təbrik edirik, təşəkkür edirik, bağrımıza basıb öpürük. Çox sağ olun, cənab Prezident!”
Tokioda Paralimpiya Oyunlarının davam etdiyini xatırladan AMPK prezidenti bildirib ki, idmançılarımız yarışların növbəti günlərində uğur qazanmaq üçün əllərindən gələni edəcəklər: “Paralimpiya Oyunları davam edir və bizim medal ümidlərimiz var. Millətimiz, vətəndaşlarımız, həmvətənlərimiz bizdən qələbələr gözləsinlər, bizi dəstəkləsinlər. Biz də öz növbəmizdə onları sevindirməyə çalışacağıq”.
Xatırladaq ki, “Tokio-2020” Paralimpiya Oyunlarında ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edir.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-də təntənəli bağlanış mərasimi ilə başa çatacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio