İmişlidə 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilmişdir
İmişli, 1 aprel (AZƏRTAC). Martın 31-də İmişli şəhərinin mərkəzində soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə ümumrayon toplantısı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, 500 nəfərdən artıq sakinin iştirak etdiyi tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əbülfəz Ağayev iki yüz ilə yaxın bir dövrdə erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı tariximizin faciəli səhifəsi kimi qiymətləndirmiş, soyqırımı nəticəsində yüz minlərlə soydaşımızın qətlə yetirildiyini, terror və təcavüzlərə məruz qaldığını, doğma torpaqlarından deportasiya olunduğunu, bu təcavüzkar siyasətin indi də məqsədyönlü şəkildə davam etdirildiyini bildirmişdir.
Ümummilli liderimizin 1998-ci il 26 mart tarixli Fərmanı ilə Azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini vurğulayan Ə.Ağayev, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
Mərasimdə soyqırımı qurbanlarının ruhuna dualar oxunmuşdur.
Toplantıda çıxış edənlər erməni millətçilərinin azərbaycanlılara qarşı mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətini pisləyərək dünyanın nüfuzlu beynəlxalq təşkilatlarından azərbaycanlıların soyqırımına hüquqi və siyasi qiymətin verilməsini, öz doğma torpaqlarından deportasiya edilmiş soydaşlarımızın əzəli torpaqlarına qaytarılmasını tələb etmişlər.