REGİONLAR
İmişlidə bir sinfin bütün məzunları tələbə adını qazanıb VİDEO
İmişli, 28 avqust Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə bir sinifdə təhsil alan bütün şagirdlər tələbə adını qazanıb. Onların arasında yüksək nəticə göstərərək Qarabağ Universitetinin tələbəsi olan məzunlar da var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Namiq Şirinov adına İmişli şəhər 5 nömrəli məktəb liseyin 11-C sinfi digər siniflərdən seçilib. Səbəb isə bu sinifdə təhsil alan 18 şagirdin hər birinin tələbə adını qazanmasıdır. Onların tələbə adını qazanmaq payları eyni olsa da, hədəfləri müxtəlif ixtisaslar üzrə peşə sahibi olmaqdır. Xankəndidə Qarabağ Universitetinin ilk tələbələrindən biri olduğu üçün özünü həm sevincli, həm də qürurlu hiss edən Bəxtiyar Kərimli deyir: "Buraxılış imtahanından 226.4, blok imtahanından isə 236.6 bal olmaqla ümumilikdə 462 bal nəticəm oldu. Ən böyük arzum Xankəndidə təhsilimi davam etdirmək olduğu üçün məhz Qarabağ Universitetini seçdim. Hesab edirəm ki, Vətənimizin gözü olan Xankəndidə ilk ali təhsil alanların sırasında yer almaqdan qürur duyuram”.
Tələbə adını qazanan 18 şagird arasında 500-600 bal aralığında nəticə göstərənlər də yer alır. Aysel Ağakişizadə də həm blok, həm də buraxılış imtahanında müsbət nəticə göstərərək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mühəndis-fizik ixtisası üzrə tələbə adını qazanıb. "Mənim üçü çox qürurverici bir hissdir ki, təhsil aldığım sinifdə yoldaşlarlmla birlikdə hər birimiz tələbə adını qazana bildik. Bu nailiyyətin təməlində müəllimlərimizin və valideynlərimizin böyük zəhməti var. Buraxılış və blok imtahanlarında topladığım bal imkan verdi ki, təhsilimi arzusunda olduğum ixtisas üzrə davam etdirim”, - deyə o bildirib.
Qeyd edək ki, bu il həmin məktəbdən 65 nəfər məzun olub. Onlardan da 61-i ali məktəblərə qəbul imtahanında iştirak edib və 36 şagird tələbə adını qazanıb. Həmin 36 şagirddən 18 nəfəri isə texniki və riyaziyyat iqtisadiyyat təmayüllü sinfin şagirdləridir.