REGİONLAR
İmişlidə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib
İmişli, 12 iyun, Aydın Yavərzadə, AZƏRTAC
İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzində dahi rəhbərin 100 illik yubileyinə həsr olunan fotosərgiyə baxıblar.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev, deputatlar Hikmət Babaoğlu, Elşad Mirbəşiroğlu və digərləri çıxış ediblər. Bildirilib ki, Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində düşdüyü iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində xilas olub.
Diqqətə çatdırılıb ki, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün təsisatlar bərpa olunub və inkişaf etdirilib. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, iqtisadi tənəzzülə son qoyulub, hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaradılıb.
Çıxış edənlər müstəqil dövlətimizin qurtuluş tarixindən, Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açıblar.