İmişlidə Pasxa bayramı münasibətilə rus icmasının nümayəndələri ilə görüş olub
İmişli, 16 aprel, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə Pasxa bayramı ilə əlaqədar rus icmasının nümayəndələri ilə görüş keçirilib. Görüş Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatında gerçəkləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Ulu Öndər Heydər Əliyev tərəfindən diqqətdə saxlanılan millətlərarası münasibətlərdən bəhs edib, ölkəmizdə tolerantlıq, multikultiralizm ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıb. Ölkə rəhbərinin bölgələrə səfərləri zamanı orada yaşayan slavyandilli xalqların problemləri ilə yaxından maraqlandığını diqqətə çatdırıb.
Çıxış edən “Energetik-1” ərazi partiya təşkilatının sədri Saleh Səmədov bildirib ki, ölkəmizdə azərbaycanlılarla birgə yaşayan digər millətlərin, o cümlədən rusların da milli-mənəvi dəyərlərinin, adət-ənənələrin qorunub saxlanmasına və inkişaf etdirilməsinə böyük qayğı göstərilir. Azərbaycanda tolerantlığın bərqərar olunmasında Ümummilli Lider Heydər Əliyevin xidmətlərinin misilsiz olduğu və hazırda bu siyasətin dövlətimizin başçısı tərəfindən davam etdirildiyi diqqətə çatdırılıb.
İmişli rayonunda rus icmasının sədri Lyudmila Beteva tolerantlığı ilə bütün dünyada tanınan Azərbaycanda yaşayan ruslar üçün hər cür şəraitin yaradıldığını, azərbaycanlılarla bərabər rusların da ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştirak etdiyini, dərin köklərə bağlı Azərbaycan-Rusiya dostluğunun bu gün də uğurla davam etdirildiyini bildirib.
Digər çıxış edən icma üzvləri hər cür qayğı ilə əhatə olunduqlarını vurğulayıblar. Onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Görüşün sonunda rus icmasının nümayəndələrinə bayram sovqatı hədiyyə olunub.