CƏMİYYƏT
İnam Kərimov: Məhkəmə sisteminin fəaliyyətini tənzimləyən qanunvericilik bazası əsaslı şəkildə yenilənir
Bakı, 11 sentyabr, AZƏRTAC
Sentyabrın 10-da Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Məhkəmə-Hüquq Şurasından AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən Şuranın sədri İnam Kərimov ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər barədə məlumat verib.
Bildirilib ki, məhkəmə sistemi beynəlxalq standartlara uyğun təkmilləşdirilir, bu sahədə fəaliyyəti tənzimləyən qanunvericilik bazası əsaslı şəkildə yenilənir.
İclasda məhkəmə hakimiyyətinin nüfuzunun artırılması istiqamətində qarşıda duran vəzifələr də diqqətə çatdırılıb.
Daha sonra təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiyinə görə fəxri fərmanla təltif ediliblər.
İclasda həmçinin intizam icraatı üzrə işlərə və kadr məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.