İNCƏSƏNƏT HƏFTƏSİ ÇƏRÇİVƏSİNDƏ “QARABAĞ ŞİKƏSTƏSİ” SƏSLƏNMİŞDİR
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsi, Qarabağ mövzusuna həsr olunmuş yüksək bədii səviyyəli sənət əsərlərinin yaradılması və təbliği məqsədi ilə oktyabrın 25-dən 31-dək respublikamızın bütün şəhər və rayonlarında müxtəlif tədbirlərin keçiriləcəyini bildirmişdir. Nazir ilk dəfə təşkil olunan bu aksiya çərçivəsində artıq “Qarabağ uşaqların gözü ilə” rəsm müsabiqəsinin keçirildiyini, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında sərgi açıldığını diqqətə çatdırmışdır. Musiqiçilərin bu aksiyaya məhz “Qarabağ şikəstəsi” oratoriyası ilə başlamalarının təsadüfi olmadığını söyləyən Ə.Qarayev, bu əsərin əbədi olaraq Azərbaycan musiqisevərlərinin qəlbində yaşayacağına əminliyini bildirmişdir.
Oratoriya Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrinin (dirijor Yalçın Adıgözəlov) və Azərbaycan Dövlət xor kapellasının (bədii rəhbər və baş dirijor xalq artisti Gülbacı İmanova) ifasında səslənmişdir. Solistlər xalq artistləri Azər Zeynalov, Mənsum İbrahimov, Nəzakət Teymurova və tarzən Ramiz Quliyev idi. Şeirləri xalq artisti Nurəddin Mehdixanlı ifa etmişdir.