REGİONLAR
“İndi cavanlar mis qablara maraq göstərirlər” – misgər VİDEO








Masallı, 12 aprel, İsmayıl Cəfərli, AZƏRTAC
Mis qablar qədim zamanlardan insanların məişətdə ən çox istifadə etdiyi əşyalar olub. Misin tərkibindəki maddələr orqanizm üçün xeyirli olduğundan bu qablardan geniş istifadə edilib. Bu gün məişətimizdə mis qablardan az istifadə olunsa da, sənətkarlar nikbindir. Çünki son dövrlərdə mis qabların sifarişçiləri artıb.
AZƏRTAC xəbər verir ki, əslən misgərliyin beşiyi Lahıcdan olan qəhrəmanımız Taleh Ağayev 40 ildir bu sənətlə məşğuldur. Nəsildən-nəslə keçən sənəti atasından öyrənib. Ötən əsrin ortalarında Masallının Boradigah qəsəbəsinə gələn ailə burada misgərlik emalatxanası açaraq sənəti davam etdiriblər. Qabı hazırlamaq və onun üzərinə zərif naxışlar vurmaq üçün böyük yaradıcılıq və səbir lazımdır. Həndəsədən, kimyadan da az-çox məlumatın olmalıdır.
Qabların, suvenirlərin üzərinə ən çox milli ornamentlərdən olan buta naxışlarını döyən usta bəzən müştərilərin istəklərinə uyğun müxtəlif təsvirlər də həkk edir: “Suvenir, hədiyyə kimi alanlar da olur. Hansı emblemi istəsələr, ya hansı təşkilatın adını, kimin portretini istəsələr, onu işləyə bilirik. Xarici ölkələrdən də müştərilərimiz olur. Daha çox hədiyyə kimi alırlar. Sankt Peterburqun merinə də mənim əl işlərim verilib”.
Deyir ki, qabaq yaşlılar mis qabdan daha çox istifadə edirdilər. “Amma indi cavanlar belə qablara maraq göstərirlər. Cavan ailələr mis qablar alırlar. Məsələn, bu cür balaca qazanlardan evdə plov bişirməyə alırlar. Həmçinin mis samovarların da alıcıları olur”, - deyə bildirir.
Sənətkar hər hansı bir rayonun təsvirini verdiyi qaba mütləq yerləşdiyi coğrafi ərazini, adət-ənənələri, milli mətbəxi əks etdirən simvollar da həkk edir. Usta, həmçinin məişətdə işlənən qabların kiçik modellərini də hazırlayır. Belə suvenirlər əsasən turistlər tərəfindən maraqla qarşılanır.
Həmsöhbətimiz 2016-cı ildən ABAD-la da əməkdaşlıq edir.