İndoneziya saytında əfsanəvi partizan Əhmədiyyə Cəbrayılov haqqında məqalə dərc edilib
Cakarta, 23 dekabr, AZƏRTAC
İndoneziyanın “gpriority.co.id” saytında Azərbaycanın bu ölkədəki səfirliyinin müşaviri Gültəkin Həbiblinin “Əhmədiyyə Cəbrayılov-100” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin əfsanəvi partizanın 100 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamda xalqımızın qəhrəmanlıq ənənələrini ölkəmizin hüdudlarından uzaqlarda layiqincə tanıtmış Əhmədiyyə Cəbrayılovun igidliyinin işğal altındakı torpaqlarımızı azad etmiş Azərbaycan Ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsi olduğu vurğulanıb. Qeyd edilib ki, Azərbaycanın qüruru olan övladlarından biri kimi Əhmədiyyə Cəbrayılov XX əsrin ən qorxunc təhlükəsi olan faşizmə qarşı mübarizə aparan ordunun ön sıralarında böyük mübarizlik nümunəsi göstərərək Azərbaycanın qürur duyduğu qəhrəmanlıq salnaməsini yazan oğullarından biridir. 1941-ci ildə müharibənin başlaması ilə ölkəni qorumaq üçün könüllü olaraq cəbhəyə yollanan Ə. Cəbrayılovun, habelə Fransa Müqavimət Hərəkatında fəal iştirak etdiyi, bu ölkənin müxtəlif orden və medalları ilə təltif edildiyi, eyni zamanda, cəsur hərbçi kimi ona xüsusi imtiyazlar verdiyi qeyd olunub. Belə imtiyazlardan biri onun Fransadakı hərbi paradlar zamanı generallardan da öndə getməsinə icazə verilməsidir. Bildirilib ki, bu fakt Ə.Cəbrayılovun şücaətlərinin hansı ciddi müsbət nəticələrə gətirib çıxardığını göstərir. Məqalədə, eyni zamanda, Prezidentin Ə. Cəbrayılovun 100 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncamın Azərbaycan dövlətinin, xalqının tarixin hər hansı səhifəsində xüsusi izlər qoyan övladına layiq olduğu qiyməti verməyi bacardığının, həmçinin ümumbəşəri dəyərləri yüksək səviyyədə qiymətləndirməsinin əyani göstəricisi olduğu vurğulanıb.
Yazıda, habelə Azərbaycanın igid oğlu Ə.Cəbrayılovla bir cəbhədə alman faşistlərinə qarşı döyüşən bəzi fransız dairələrin bu gün erməni faşizminə haqq qazandırdığı təəssüflə qeyd olunub. Fransa Senatının erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senatoru tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qətnaməni qəbul etməsinin faşizmə açıq dəstəyin nümunəsi olduğu qeyd edilib. Böyük təəssüf doğuran məqamın Fransa Senatının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalına, mülki əhalinin qətlə yetirilməsinə, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyət aparmasına qarşı 30 il səssiz mövqe nümayiş etdirməsi olduğu bildirilib. Bununla yanaşı, Fransanın bu kimi qüvvələrin fikirlərinə şərik olmayan dairə və qurumlarının Azərbaycanın haqlı mübarizəsində ədalətli mövqe tutacağına inam ifadə edilib.
Müəllif, həmçinin dünyanın Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanının və Ordusunun ətrafında sıx birləşərək, “Qarabağ Azərbaycandır!” deyərək 30 illik həsrətə son qoymaq üçün düşmən tapdağı altında qalan torpaqlarını işğaldan azad etməsinin şahidi olduğunu bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta