İnformasiya təhlükəsizliyi təqvimi
Bakı, 27 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarında informasiya təhlükəsizliyi vərdişlərinin gücləndirilməsi və maarifləndirmə məqsədilə “2023 İnformasiya təhlükəsizliyi təqvimi” layihəsinə start verib.
XRİTDX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində 5 min ədəd stolüstü “smart” təqvim dərc edilərək dövlət qurumlarına paylanıb.
Təqvimdə hər ay informasiya təhlükəsizliyinin müxtəlif aspektləri əhatə edilməklə ümumilikdə 12 təhlükəsizlik sahəsi təqdim olunub. Bu da təqvimin istifadəçilərinə hər ay üzrə müəyyən edilmiş mövzuya uyğun təhlükəsizlik məsələləri ilə tanış olmaq, eləcə də hər yeni ayın sonuncu cümə günü həmin ayın mövzusuna uyğun keçiriləcək onlayn maarifləndirmə seminarlarına canlı qoşulmaq imkanı verəcək. Seminara qoşulmaq üçün təqvimin üzərindəki QR-kodu skan etmək lazımdır.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yeni təqvim ilində hər kəsə cansağlığı, güclü kiberimmun, uğurlu və təhlükəsiz günlər arzu edir.