İnformasiya texnologiyaları şirkətləri Ermənistanı tərk edir
Tbilisi, 6 mart, AZƏRTAC
Bu gün Ermənistanda fəaliyyət göstərən informasiya texnologiyaları (İT) şirkətləri onlar üçün daha əlverişli şərtlərin mövcud olduğu ölkələrə gedirlər. Buna səbəb vergi rüsumlarının çoxluğu, yüksək kirayə və yaşayış qiymətləridir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistandakı İT icmasının yaratdığı işçi qrupunun nümayəndəsi Sevak Oqanesyan bildirib.
Onun sözlərinə görə, bu şirkətlərin xaricə axını Ermənistanın İT sektorunun artım və inkişaf perspektivlərinə mənfi təsir göstərəcək.
S.Oqanesyan parlamentin iqtisadi məsələlər üzrə daimi komitəsində informasiya texnologiyaları sahəsini tənzimləyən yeni qanunlar paketinin müzakirəsi zamanı qeyd edib ki, bir sıra ölkələrdə, o cümlədən Gürcüstan, Qazaxıstan, Özbəkistan və Türkiyədə İT şirkətlərindən mənfəət vergisi tutulmur, gəlir vergisinin həcmi 10 faizdən yuxarı deyil. Ermənistanda yaşamaq da həmin ölkələrlə müqayisədə bahadır. Belə ki, Tbilisidə yaşayış xərcləri İrəvandan 14 faiz, Astanada 58 faiz, Daşkənddə 51 faiz, İstanbulda isə 35 faiz ucuzdur.
Ermənistanda yaşayış xərclərinin hətta bəzi Avropa ölkələrindən də baha olduğunu qeyd edən S.Oqenesyan deyib: “Əgər hər şey olduğu kimi qalsa, 2025-ci ildən İT şirkətləri bu gün mövcud olan imtiyazlardan məhrum olsalar, o zaman onların hamısı Ermənistanı tərk edəcək, işləmək və yaşamaq üçün daha sərfəli ölkələrə üz tutacaq”.
Tbilisi