“İNTƏNƏŞNL HERALD TRİBUN”: İQTİSADİ VƏ SİYASİ İSLAHATLAR HAZIRDA AZƏRBAYCAN ÜÇÜN BAŞLICA PRİORİTETDİR
Müəlliflər – Lyublyanadakı Strateji Tədqiqatlar İnstitutunun direktoru Borut Qrjiç və Avropa Birliyinin Təhlükəsizlik SahəsindəTədqiqatlar İnstitutunun baş elmi işçisi Dov Linç yazırlar ki, Yeni Azərbaycan Partiyasının noyabrın 6-da seçkilərdə qalib gəlməsi təəccüb doğurmur. Yaxşı xəbər ondan ibarətdir ki, budəfəki seçkilər, onların beynəlxalq standartlara uyğun gəlməməsi barədə ATƏT-in bəyanatlarına baxmayaraq, əvvəlkilərdən daha ədalətli keçirilmişdir. Hazırda başlıca prioritet təmkinli olmaqdır. Hadisələr Konstitusiya qaydalarına və qanunun normalarına uyğun inkişaf etməlidir.
Neftlə zəngin bu ölkə ilə münasibətlərin dərinləşdirilməsində marağı olan Avropa və ABŞ bu məsələdə rol oynaya bilərlər və oynamalıdırlar. Azərbaycanda seçkilərdən sonrakı dövrdə təmkinliliyə nail olunması bizim üçün çox vacibdir. Hazırda bu ölkəyə Bakı ilə Qərb arasında strateji dialoqun məhdudlaşmasına səbəb ola biləcək yeni daxili qeyri-sabitlik dövrü lazım deyildir.
Məqalədə deyilir ki, Qafqazda demokratiyaya komək göstərmək bizim mənafelərimizə uyğundur. Azərbaycanın Qərb üçün böyük strateji əhəmiyyəti vardır. Neft tarixin yalnız bir hissəsidir. Bu yaxınlarda tikilmiş Bakı-Tbilisi-Ceyhan boru kəməri tezliklə Qərb bazarlarına gündə 2 milyon barrelədək neft nəql edəcəkdir. Bundan əlavə, Azərbaycanın hələ kəşf edilməmiş böyük neft və qaz ehtiyatları var.
Müəlliflər vurğulayırlar ki, Prezident İlham Əliyevin artıq gələn il Qarabağ problemini həll edə biləcəyinin əlamətləri görünür. Azərbaycan elitası qərbyönümlüdür. Ölkənin uzunmüddətli məqsədi Avropa Birliyinə və NATO-ya daxil olmaqdır. Avropa və ABŞ Cənubi Qafqazda demokratik islahatların və bazar islahatlarının möhkəmləndirilməsi istiqamətində, habelə Orta Asiyada dəyişiklikləri sürətləndirmək məqsədi ilə Azərbaycanla sıx əməkdaşlıq etməkdə maraqlıdır.