INTERACT layihəsi çərçivəsində Andrey Zvyaqintsevlə onlayn ustad dərsi baş tutub
Bakı, 22 iyun, AZƏRTAC
Mədəniyyət Nazirliyinin dəstəyi və İctimai Televiziyanın (İTV) media tərəfdaşlığı ilə “Debüt” studiyası tərəfindən iyunun 16-dan başlayan uzunmüddətli INTERACT layihəsi çərçivəsində tanınmış Rusiyalı rejissor Andrey Zvyaqintsevlə onlayn ustad dərsi baş tutub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, interaktiv formatda keçirilən ustad dərsində 150-dən çox dinləyici iştirak edərək tanınmış rejissora öz suallarını ünvanlayıb.
Görkəmli kinorejissor, Xalq artisti Eldar Quliyev tərəfindən 1987-ci ildə təsis olunan və “Debüt” studiyası qısametrajlı və tammetrajlı debüt bədii filmlərin, beynəlxalq birgə layihələrin istehsalı, Azərbaycan kino sənətinin dünyada təbliği ilə yanaşı INTERACT tipli tədris proqramlarının həyata keçirilməsi istiqamətində də fəaliyyət göstərir.
Tədris laboratoriyası funksiyasını həyata keçirən INTERACT layihəsinin məqsədi Azərbaycanda kino sahəsində təhsil alan tələbələr, həmçinin yeni fəaliyyətə başlayan kinematoqrafçıları təlim, prodakşn və post-prodakşn, distribusiya və maliyyələşdirmə imkanları ilə təmin etməkdən ibarətdir.
Layihənin həftədə iki dəfə olmaqla bir ay müddətində davam edəcək INTERACT ONLINE adlı ilk mərhələsi gənc kinematoqrafçılara tanınmış beynəlxalq peşəkarlarla onlayn ustad dərsləri vasitəsilə məlumat mübadiləsi imkanını təklif edir. Bütün ustad dərsləri orijinal dildə (müvafiq olaraq ingiliscə və ya rusca) və Azərbaycan dilində sinxron tərcümə seçimi ilə təqdim olunur.
Qeyd edək ki, INTERACT layihəsinin vorkşoplar və digər tədbirlərdən ibarət olacaq növbəti mərhələlərinin keçirilmə formatı və statusu COVID-19 pandemiyasının vəziyyətindən asılı olaraq yenilənəcək.
INTERACT ONLINE-da müntəzəm iştirak gələcək mərhələlərə akkreditasiya almaq imkanı verir.
Layihə iştirakçılarının sayı məhduddur!
Buna görə də proqrama qoşulmaq istəyənlərdən www.debutfilms.az/interact saytında onlayn qeydiyyatdan keçmələri xahiş olunur. Akkreditasiyadan sonra iştirakçılar yuxarıda qeyd olunan ustad dərslərinə qoşulmaq üçün ZOOM platformasına keçid əldə edəcəklər.