İNVESTİSİYALARIN TƏŞVİQİ VƏ MƏSLƏHƏT FONDUNUN HİMAYƏÇİLƏR ŞURASI TƏSİS EDİLDİ
Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurası üzvlərinin, xarici səfirliklərin, beynəlxalq təşkilatların və maliyyə qurumları nümayəndələrinin iştirak etdikləri yığıncağı giriş sözü ilə açan iqtisadi inkişaf naziri Fərhad Əliyev respublikada sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin formalaşdırılması, xarici sərmayəçilərin, beynəlxalq maliyyə qurumlarının ölkəmizə marağının artırılması istiqamətində görülən işlərdən danışmış, yeni qurumun zəruriliyini əsaslandırmışdır.
Sonra 28 nəfərdən ibarət Himayəçilər Şurası, onun sədri, AİTMF-in prezidenti seçilmiş, AİTMF idarə heyətinin formalaşdırılması barədə qərar qəbul edilmişdir. Fərhad Əliyev Şuranın sədri, iqtisadi inkişaf nazirinin və Sahibkarlar Şurası sədrinin müavini, Nyu-York vəkillər kollegiyasının üzvü Mikayıl Cabbarov fondun prezidenti seçilmişlər. Himayəçilər Şurasının tərkibinə iqtisadi inkişaf, vergilər, maliyyə, ədliyyə nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Milli Bankın, BMT İnkişaf Proqramının, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, Avropa Yenidənqurma və İnkişaf Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin, Amerika Ticarət Palatasının, Avropa Evinin, TASİS-in, GTZ cəmiyyətinin, Soros Fondunun, müxtəlif şirkətlərin və səhmdar cəmiyyətlərinin nümayəndələri daxildirlər.
Müzakirələrdə Almaniyanın Azərbaycandakı səfiri Klaus Qrevlix, ABŞ səfirliyinin əməkdaşı Maykl Lalli, BMT İnkişaf Proqramının ölkəmizdəki daimi nümayəndəsi Marko Borsotti, “Azərsun Holdinq”in prezidenti Qozal Abdulbari çıxış etmişlər.
Yığıncaqda yeni qurumun bu il avqustun 1-dən dekabrın 31-dək dövrü əhatə edən iş planı təsdiq olunmuşdur.