İORDANİYADA TERROR AKTLARI TÖRƏDİLMİŞDİR
Ən böyük faciə “Redison” mehmanxanasında olmuşdur. Burada intiharçı terrorçu özünü toy şənliyində iştirak edən qonaqların əhatəsində partlatmışdır.
İsrail hələ gecə ikən İordan çayının hər iki sahilini birləşdirən Alenbi sərhəd məntəqəsini vətəndaşlarını qəbul etmək üçün açmışdır. İordaniya isə yerüstü sərhədlərinin hamısını bağlamışdır. Bu xəbəri eşidən İordaniya kralı II Abdulla Qazaxıstan səfərini yarımçıq qoyaraq ölkəyə qayıtmışdır. Haşimilər krallığının ərazisində təcili təhlükəsizlik tədbirləri görülür. Ölkədə bütün dövlət müəssisələri, banklar, məktəblər bağlanmışdır. İordaniya hospitalları ölkə vətəndaşlarından zərərçəkənlərə yardım göstərmək üçün qan təhvil vermələrini xahiş edirlər.
İordaniyada 35 ildən çox müddət ərzində ilk dəfədir belə terror aktları törədilir. İlkin məlumata görə, partlayışları “Əl-Qaidənin” bölmələrindən biri təşkil etmişdir. İordaniyanın Baş naziri Mərvan əl-Müaşir Si-En-En telekanalına müsahibəsində başlıca şübhəlinin “Əl-Qaidə”nin İraq filialının lideri, İordaniya mənşəli Əbu Müsab əz-Zərqavi olduğunu bildirmişdir.
Xatırladaq ki, bu ərəfədə İordaniyada Dünya İnformasiya Agentlikləri Şurasının iclası keçirilməlidir. Bu məqsədlə EANA,OANA, FANA və digər regional informasiya qurumlarının rəhbərləri İordaniyaya gəlirlər.
BMT Təhlükəsizlik Şurası noyabrın 10-da İordaniya hadisələri ilə əlaqədar təcili iclas çağırmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev faciə ilə əlaqədar kral II Abdullaya və İordaniya xalqına başsağlığı vermişdir.