İpək Yolu mövcud olduğu dövrdə keçdiyi ölkələrin həyatında vacib rol oynayıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 24-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyi və UNESCO-nun Ümumdünya İrs Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “İpək Yolu Volqa-Xəzər Dəhlizi: Birinci İllik Subregional” konfransı plenar müzakirələrlə davam edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizlə yanaşı, Qazaxıstan, Türkmənistan, İngiltərə, Yaponiya, Rusiya Federasiyasının Tatarıstan Respublikası və İrandan olan nümayəndələr iştirak ediblər.
Böyük Britaniyanın London Universitet Kollecinin professoru Tim Vilyams, Mərkəzi Asiya Araşdırmaları Beynəlxalq İnstitutunun direktoru Dmitri Voyakin və Yaponiyanın Teikyo Universitetinin, Mədəni Varlıqların Tədqiqat İnstitutunun professoru Kazuya Yamauçi arasında Serial Transmilli proqramın həyata keçirilməsi üzrə təcrübə mübadiləsi haqqında müzakirələr aparılıb.
Tədbirdə, həmçinin UNESCO-nun Dünya İrs Komitəsinin təşəbbüsü ilə irihəcmli “Transsərhəd İpək Yolu abidələrinin Dünya İrs Siyahısına nominasiyası” proqramının əhəmiyyətindən söz açılıb. Proqramın İpək Yolunun üzərində yerləşən ölkələrin zəngin mədəni irsinin beynəlxalq səviyyədə təbliğ olunmasında əhəmiyyəti vurğulanaraq, bu yolun təkcə iqtisadi deyil, həm də mədəni sahədə birləşdirici və mövcud olduğu dövrdə keçdiyi ölkələrin həyatında vacib rolu qeyd olunub.
Qeyd edək ki, konfransın təşkil olunmasının məqsədi “İpək Yolu Volqa-Xəzər Dəhlizi Transsərhəd Nominasiyası”na təqdim ediləcək mədəni irs obyektlərinin müəyyənləşdirilməsi, müvafiq sənədlərin dəhlizə daxil olan 5 ölkənin hökumət nümayəndələri, milli əlaqələndiriciləri, yerli və beynəlxalq ekspertlərlə müzakirə olunmasıdır.
Konfrans oktyabrın 25-də yekunlaşacaq.