İqlim fəalları Almaniya aeroportlarında aksiyalar keçirib
Bakı, 16 avqust, AZƏRTAC
“Last Generation” (“Son nəsil”) iqlim hərəkatının üzvləri Almaniyanın Berlin, Köln, Bonn və Ştutqart şəhərlərinin hava limanlarında aksiyalar keçiriblər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, iqlim fəalları Almaniyanın əsas hava limanlarının asfalt örtüyünə çıxaraq təyyarələrin hərəkətini dayandırıblar. Belə ki, “Last Generation” hərəkatının üzvləri Berlin, Köln, Bonn, Nürnberq və Ştutqart hava limanlarının uçuş zolaqlarına giriş əldə edərək, səlahiyyətliləri təhlükəsizlik səbəbi ilə uçuş əməliyyatlarını bir neçə saatlıq müvəqqəti dayandırmağa məcbur ediblər.
Qrup aksiyanın foto və videolarını “X” sosial şəbəkəsində paylaşıb, narıncı qoruyucu jiletlərdə olan bir neçə fəalın asfaltın üzərində “Neft öldürür” və “Müqaviləni imzala” yazılmış plakatlarla oturduğunu nümayiş etdirib.
Etirazlar qlobal “Neft öldürür” kampaniyasının bir hissəsi olub. Qrupun bəyanatında deyilir: “ABŞ və Kanada da daxil olmaqla, “Last Generation” müttəfiq etiraz hərəkatları ilə birlikdə mədən yanacaqlarının mərhələli şəkildə ləğv edilməsi haqqında müqavilənin imzalanmasına çağırır”.
İqlim fəalları tələb edirlər ki, Almaniya hökuməti 2030-cu ilə qədər qazıntı yanacaqlarından mərhələli şəkildə imtina etmək üçün hökumətlərarası müqavilə imzalamaq məqsədi ilə beynəlxalq danışıqlara öhdəlik götürsün.