İqor Ponomaryov: “Makkabi”yə qarşı oyunlara tam hazırıq
Bakı, 22 iyul, AZƏRTAC
“Bizi yaxşı rəqibə qarşı iki maraqlı oyun gözləyir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sabah”ın idman direktoru İqor Ponomaryov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) komandasına qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib.
Funksioner bu matçlarda uğurlu nəticə qazanacaqlarına inandığını bildirib: “Qarşılaşmaya tam hazırıq. Ümid edirəm ki, oyun bizim üstünlüyümüz şəraitində keçəcək. Hədəf Konfrans Liqasında daha çox irəli getməkdir. Bu, həm klubun, həm də ölkənin reytinqinə təsir edəcək”.
65 yaşlı veteran futbolçu oyunun İsraildə deyil, Macarıstanda keçirilməsinin müəyyən dərəcədə komandaya müsbət təsir edəcəyini söyləyib: “Beynəlxalq vəziyyətə görə oyun Macarıstanda baş tutacaq. Lakin biz bununla arxayınlaşmırıq. Görüşün neytral meydanda keçirilməsinin faydalı olub-olmamasını hakimin final fitindən sonra biləcəyik. Mən komandama inanıram. Azərbaycana uğurlu nəticə ilə dönmək istəyirik”.
Qeyd edək ki, “Sabah” “Makkabi” ilə ilk oyununu iyulun 25-də Macarıstanın Kişvarda şəhərindəki “Varkert” stadionunda keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:15-də start götürəcək. Avqustun 1-də Masazırda yerləşən “Bank Respublika Arena”da oynanılacaq cavab görüşü isə saat 20:00-da başlayacaq.