İQTİSADİ İNKİŞAF NAZİRLİYİNDƏ GÖRÜŞ
Qardaş Türkiyə ilə dostluq münasibətlərinin dərin köklərə malik olduğunu qeyd edən nazir, xalqımızın ümummilli lideri Heydər Əliyevin bu əlaqələrin inkişafına böyük önəm verdiyini, məhz onun böyük diqqət və qayğısı nəticəsində ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndiyini, ticarət-iqtisadi əlaqələrin inkişafında yeni mərhələnin başlandığını vurğulamışdır.
Hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini faktlarla açıqlayan H.Babayev demişdir ki, 2005-ci ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 588,8 milyon ABŞ dollarına çatmışdır. 2006-cı ilin ilk 6 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 329,9 milyon dollar təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,9 faiz çoxdur. Qardaş ölkələrimiz arasında ticarət dövriyyəsinin yaxın vaxtlarda 1 milyard dollara çatması üçün müvafiq tədbirlər həyata keçirilir. Bu səviyyəyə qalxmaq üçün hər cür potensial şərait, ilk növbədə isə, dövlət rəhbərlərimizin siyasi iradəsi vardır.
İqtisadi inkişaf naziri Türkiyənin hazırda bir sıra iri regional layihələrin həyata keçirilməsində Azərbaycanın ən yaxın tərəfdaşı olduğunu vurğulayaraq, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin istifadəyə verilməsinin buna parlaq sübut olduğunu qeyd etmişdir. Qardaş Türkiyə inşası başa çatmaqda olan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi layihəsində də fəal iştirak edir.
Nazir Heydər Babayev Azərbaycanda investisiya qoyuluşu üçün münbit şərait yaradıldığını qeyd edərək, Türkiyənin iri sərmayədarlarının ölkəmizə daha böyük həcmdə kapital yatırması üçün hər cür şəraitin, müvafiq qanunvericilik bazasının, etibarlı sərmayə mühitinin olduğunu diqqətə çatdırmışdır.
Türkiyənin Dövlət naziri Mehmet Aydın Türkiyənin iş adamları üçün Azərbaycanda yaradılmış şəraitdən razılığını bildirmiş və Türkiyə-Azərbaycan İş Adamları Birliyinin hər iki ölkənin sahibkarları arasında əlaqələrin inkişafında önəmli rol oynacağını vurğulamışdır.
Görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi perspektivləri müzakirə olunmuş və qarşıya çıxan problemlərin hər iki tərəfin səyi ilə aradan qaldırılacağına əminlik ifadə olunmuşdur.
Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı iştirak etmişdir.