İradə Həsənova: Ekoloji normaların şəhər planlamasında prioritetə çevrilməsi zəruridir
Bakı, 13 fevral, Göyçək Mahmudlu, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar elan olunub. BMT-nin müvafiq qərarına əsasən, şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik, iki ildən bir dünya şəhərlərindən birində keçirilən bu Forum sürətli urbanizasiya və onun şəhərlərin inkişafına təsirini araşdırmaq məqsədilə ən böyük qlobal platformadır. Ümumdünya Şəhərsalma Forumunun regionumuzda ən irimiqyaslı tədbirlərdən biri olacağını əminliklə söyləmək olar.
Bunu AZƏRTAC-a açıqlamasında “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.
Onun sözlərinə görə, müasir dövrdə şəhərsalma yalnız binaların tikintisi və yolların salınması ilə məhdudlaşmır. Şəhərsalma sosial, iqtisadi və ekoloji amillərin uzlaşdırıldığı kompleks planlaşdırma prosesidir. Xüsusilə iqlim dəyişikliyi, su çatışmazlığı və hava çirklənməsi kimi qlobal çağırışlar fonunda ekoloji normaların şəhər planlamasında prioritetə çevrilməsi zəruridir.
İradə Həsənova bildirib ki, şəhərlərdə parklar, ictimai bağlar və yaşıllıq zolaqları yalnız estetik məqsəd daşımır. Onlar havanı təmizləyir, istilik effektini azaldır və vətəndaşların sağlamlığına müsbət təsir göstərir: “Yeni yaşayış massivləri salınarkən minimum yaşıllıq normativləri qanunvericiliklə tənzimlənməlidir. Binaların istilik izolyasiyası, alternativ enerji mənbələrindən (Günəş panelləri, külək enerjisi) istifadə və enerji qənaətli texnologiyaların tətbiqi həm ətraf mühitin qorunmasına, həm də uzunmüddətli iqtisadi qənaətə səbəb olur. Avtomobillərin sayının artması hava çirklənməsini gücləndirir. Odur ki, ekoloji şəhər modeli üçün metro, elektrik avtobusları, tramvay xətləri, velosiped yolları və piyada zonalarının genişləndirilməsi əsas şərtlərdəndir. Yağış sularının toplanması, təkrar istifadə sistemləri və müasir tullantı çeşidləmə mexanizmləri şəhərin ekoloji yükünü azaldır. Xüsusilə su ehtiyatlarının məhdud olduğu ölkələr üçün həmin istiqamət həyati əhəmiyyət daşıyır”.
İctimai Birlik sədri vurğulayıb ki, beynəlxalq şəhərsalma və ya dayanıqlı inkişaf forumunun ölkəmizdə keçirilməsi bir neçə istiqamətdə müsbət nəticələr verə bilər. “Bunlardan birincisi, beynəlxalq təcrübənin öyrənilməsidir. Dünyanın müxtəlif ölkələrindən mütəxəssislərin iştirakı innovativ şəhər modellərinin və ekoloji həllərin tətbiqinə imkan yaradar. İkincisi, investisiya imkanlarının genişlənməsi mümkündür. Yaşıl enerji, “ağıllı” şəhər texnologiyaları və ekoloji layihələr üzrə investorların diqqəti cəlb oluna bilər.
Üçüncüsü, regional əməkdaşlıq güclənə bilər. Cənubi Qafqaz və Xəzər regionu ölkələri ilə ortaq ekoloji problemlərin müzakirəsi və birgə strategiyaların hazırlanması mümkün olar. Dördüncüsü, forum çərçivəsində keçirilən tədbirlər, sərgilər və müzakirələr cəmiyyətin ekoloji düşüncəsinin formalaşmasına töhfə verər. Beşincisi, belə tədbirlər ölkənin dayanıqlı inkişaf və ekoloji məsuliyyət sahəsində mövqeyini gücləndirir, beynəlxalq nüfuzunu artırır”, - deyə o bildirib.
İradə Həsənova, həmçinin diqqətə çatdırıb ki, şəhərsalma gələcəyin həyat keyfiyyətini müəyyən edən əsas amillərdəndir: “Ekoloji normaların planlaşdırmanın mərkəzinə qoyulması həm insan sağlamlığını, həm də təbii resursların qorunmasını təmin edir. Beynəlxalq forumların keçirilməsi isə həmin prosesə təkan verən mühüm platformadır. Dayanıqlı, yaşıl və insanyönümlü şəhərlər qurmaq üçün elmi əsaslı qərarlar, ictimai iştirak və siyasi iradə vacibdir”.