İQTİSADİYYAT
İrakli Nadareişvili: Türkiyə və Gürcüstan biznesin inkişafında yaxşı tərəfdaşlardır
Bakı, 10 oktyabr, AZƏRTAC
Türkiyə və Gürcüstan biznesin inkişafında yaxşı tərəfdaşlardır. Sıx əməkdaşlıq sayəsində biz regionun inkişafına töhfə verə bilərik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan iqtisadiyyat nazirinin müavini İrakli Nadareişvili “PASHA Holding”in təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində keçirilən 4-cü “INMerge Innovation Summit”də deyib.
Gürcüstanın azad ticarət sazişləri bağladığı ölkələrin coğrafiyasının daim genişləndiyini qeyd edən nazir müavini, həmçinin bunun ölkə iqtisadiyyatına dəstək verdiyini bildirib. O əlavə edib: “Gürcüstan cəmi 3,7 milyon nəfər əhalisi olan kiçik ölkədir və investisiya cəlbediciliyi baxımından zəif həlqədir. Bununla belə, biz digər ölkələrlə bağladığımız azad ticarət sazişlərinin sayını daim genişləndirməklə, bu çatışmazlığı kompensasiya edə bilmişik”.
Onun sözlərinə görə, Gürcüstan ümumilikdə 2,3 milyard insanın yaşadığı və tarifsiz ticarət əlaqələri saxladığı dövlətlərlə bu sahədə əməkdaşlıq edir.