İran KİV-ləri Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə dərc edib
Bakı, 12 dekabr, AZƏRTAC
İranın “Sarirnews” informasiya agentliyinin saytında və “Payam Azərbaycan” qəzetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə dahi siyasətçi Heydər Əliyevin xatirəsini anım günü münasibətilə Azərbaycanın Təbrizdəki Baş konsulluğunda İran rəsmilərinin də iştirakı ilə anım mərasimi, fotosərgi təşkil edildiyi diqqətə çatdırılıb.
Məqalədə vurğulanıb ki, baş konsul Əliyənnağı Hüseynov Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın yürütdüyü mehriban qonşuluq və səmimi dostluq siyasətinin real bəhrəsini verdiyini söyləyib. Diplomat bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası İran üçün də mühüm əhəmiyyət kəsb edən tarixi hadisədir. Çünki Ermənistanın otuzillik işğalçılıq siyasəti Azərbaycan ərazisində böyük bir zolaqda nəzarətsiz sahə yaratmışdı və bu xoşagəlməz vəziyyət uzun illər qonşu İran üçün də təhlükə mənbəyinə çevrilmişdi.
Məqalədə Ulu Öndər Heydər Əliyevin mənalı həyatı və zəngin siyasi fəaliyyəti, onun Azərbaycan-İran münasibətlərinin inkişafına verdiyi misilsiz töhfə haqqında da məlumat verilib.