İRAN PREZİDENTİ MAHMUD ƏHMƏDİNEJAD NAXÇIVANA GƏLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 20-də İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir.
Naxçıvan beynəlxalq hava limanında İran Prezidentini muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, İranın Bakıdakı və Azərbaycanın Tehrandakı səfirləri qarşıladılar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi binasının önündəki meydanda İran İslam Respublikası Prezidentinin təntənəli qarşılanma mərasimi oldu. Ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Mahmud Əhmədinejadı səmimiyyətlə qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verdi. İranın və Azərbaycanın dövlət himnləri səsləndirildi. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Azərbaycan nümayəndə heyəti İran Prezidentinə, İran nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.