İranın Şuş şəhərində terrorçuların hücumunun qarşısı alınıb
Tehran, 29 yanvar, AZƏRTAC
İranın Şuş şəhərindəkı hərbi bazalara hücum edən terrorçulardan biri öldürülüb, digəri isə yaxalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Təhlükəsizlik Nazirliyinin yaydığı bəyanatda deyilir.
Nəzərə çatdırılıb ki, martın 26-da “Əl-Əhvaz” adlı terror qruplaşmasının üzvləri gecə saatlarında Xuzistan vilayətindəki Şuş şəhərində yerləşən hərbi bazaya “Kalaşnikov” markalı silahlarla hücum edib, bazanı atəşə tutublar. Lakin bazadakı növbətçilərin sayıqlığı nəticəsində terror hücumunun qarşısı alınıb. Terrorçulardan biri zərərsizləşdirilib, digəri isə tərk-silah edilib.
Onlardan mobil telefon, saxta sənədlər, qumbara və “Kalaşnikov” markalı avtomat silahlar götürülüb.
Bəyanatda, həmçinin bildirilib ki, xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən terrorçuların məqsədi separatçı meyilləri gücləndirmək və İranda sabitliyi pozmaqdan ibarətdir.
Qeyd edək ki, İranın Xuzistan vilayətində qeyri-leqal şəkildə fəaliyyət göstərən “Əl-Əhvaz” qruplaşması ara-sıra terror hücumları təşkil etməyə çalışır. Qruplaşma üzvlərinin 2018-ci ilin sentyabrında Əhvaz şəhərində keçirilən hərbi parad zamanı insanları atəşə tutmaları nəticəsində 25 nəfər həlak olmuş, 69 nəfər isə ağır yaralanmışdı.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran