İrkutskda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir təşkil edilib
İrkutsk, 24 iyun, AZƏRTAC
İrkutsk şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunan “Heydər Əliyev: Azərbaycan və Rusiya münasibətləri” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyi, ölkəmizin Yekaterinburqdakı Baş Konsulluğu və İrkutskdakı Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər, ictimai xadimlər, elm və mədəniyyət nümayəndələri, həmçinin bölgədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ölkənin beynəlxalq nüfuzunun artırılması istiqamətində tarixi xidmətlərindən danışıblar. Qeyd olunub ki, məhz Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində 1990-cı illərin mürəkkəb dövründə ölkədə sabitlik təmin edilib və müasir Azərbaycanın inkişaf strategiyasının əsası qoyulub.
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, İrkutsk vilayətinin birinci vitse-qubernatoru Roman Kolosov, İrkutsk Azərbaycan Konqresinin sədri Əlirza Salayev və digər çıxışçılar Ulu Öndərin Azərbaycan-Rusiya dostluq və əməkdaşlıq münasibətlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.
Rusiya Xarici İşlər Nazirliyinin İrkutskdakı nümayəndəsi Aleksey Kotelnikov bildirib ki, Ümummilli Lider Heydər Əliyev bu regionda böyük hörmətlə xatırlanır.
“Ulu Öndər Heydər Əliyev İrkutsk vilayətində çox yaxşı tanınır. Sovet dövründə onun Baykal-Amur Magistralının tikintisinə kuratorluq etməsi və bu nəhəng layihənin həyata keçirilməsində mühüm rol oynaması xüsusi ehtiramla xatırlanır. Azərbaycanlı mütəxəssislərin iştirakı ilə inşa edilən stansiya bu gün də BAM xəttinin ən gözəl stansiyalarından biri hesab olunur. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dostluq və qarşılıqlı etimada söykənən münasibətlər bu gün də uğurla inkişaf edir”, - deyə A.Kotelnikov qeyd edib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin Baykal-Amur Magistralının tikintisinə verdiyi töhfələr Azərbaycan və Rusiya xalqları arasında tarixi əməkdaşlığın mühüm səhifələrindən biri kimi dəyərləndirilib.
BAM layihəsinin veteranı Vladimir Onişenko 1984-cü ildə Ümummilli Lider Heydər Əliyevlə görüşünü xatırlayaraq deyib: “Heydər Əliyev yaddaşımda Azərbaycanın son dərəcə xarizmatik siyasi lideri və dünya miqyaslı dövlət xadimi kimi qalıb. Onun BAM-ın tikintisinə verdiyi töhfə əvəzsizdir. Severomuysk tunelində yaranan çətin vəziyyətdə məhz onun qətiyyətli mövqeyi layihənin davam etdirilməsində mühüm rol oynadı”.
Tədbirin sonunda iştirakçılara Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.