İrpendə akademik Zərifə Əliyevanın xatirəsi anılıb
İrpen, 15 aprel, AZƏRTAC
Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatının 40-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, səfirliyin əməkdaşları iştirak ediblər.
Əvvəlcə akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstü önünə tər çiçəklər düzülüb, əziz xatirəsinə ehtiram ifadə olunub.
Anım tədbirində çıxış edən səfir Seymur Mərdəliyev bildirib ki, akademik Zərifə Əliyevanın elmi irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan elminin parlaq səhifələrini təşkil edir. Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. “Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. O, həm də Azərbaycan analarının rəmzidir. Zərifə xanım Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır”, - deyə səfir vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
İrpen