İşğaldan azad edilmiş Füzuli şəhərinə məktəblilərin infoturu təşkil olunub VİDEO
Bakı, 24 oktyabr, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, keçmiş məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması tədbirləri çərçivəsində Füzuli şəhərinə infotur təşkil edib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, infotur Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçirilib.
İnfoturun iştirakçılarına - Füzuli rayonundan olan məktəblilərə Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli şəhərində aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası barədə məlumat verilib. Bildirilib ki, indiyədək Füzuli şəhərində 823 ailənin (3136 nəfərin) məskunlaşması təmin edilib. Məktəblilər Füzuli şəhərində yeni salınmış yaşayış binaları, parklar, məktəb və digər yerlərlə tanış olublar.
Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində infoturlar davam etdiriləcək.