İQTİSADİYYAT
“İşgüzar Qadınlar Liqası” keçirilib
Bakı, 5 mart, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında fəal rol oynayan, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların iştirakı ilə “İşgüzar Qadınlar Liqası” tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova qadınların Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynadığını və cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini, özəl sektorda qadın sahibkarların fəaliyyət göstərdiyini qeyd edib, məşğulluğun artmasında və sahibkarlığın inkişafında qadınların roluna, bu sahədə həyata keçirilən dövlət dəstəyi tədbirlərinə dair fikirlərini bölüşüb. Qadın sahibkarlara dövlət dəstəyinin daha da gücləndirilməsinin və qadınlarda biznes fəaliyyətinə marağın artırılmasının önəmini diqqətə çatdıran nazir müavini 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib, onlara uğurlar arzulayıb.
KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov agentliyin ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində öz biznesini qurmaq istəyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlarla sıx əməkdaşlıq etdiyini, qurumun dəstək və xidmətlərindən qadınların da yararlandığını qeyd edib.
Tədbir çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva və digərləri Azərbaycan qadınlarının bütün sahələrdə fəallıq nümayiş etdirdiklərini vurğulayıb, qadınların sahibkarlığın və digər sahələrin inkişafında rolunu diqqətə çatdırıblar.
Sahibkar qadınlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb, KOBİA-nın dəstək və xidmətlərindən istifadə edərək öz biznesini quran və genişləndirən qadınlarla bağlı “Uğur sahibləri” filmləri nümayiş olunub.