İQTİSADİYYAT
İslam İnkişaf Bankının KOB İnvestisiya Fondunda iştirak imkanları müzakirə edilib
![](/files/galleryphoto/2023/1/1200x630/1677743859423720473_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1677743859492909346_1200x630.jpg)
Bakı, 2 mart, AZƏRTAC
İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə Bankın KOB İnvestisiya Fondunda iştirak imkanları müzakirə edilib və gələcəkdə bu istiqamətdə praktiki addımların atılması təmin olunub.
AZƏRTAC xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusundakı konfransda bildirib.
O, həmçinin vurğulayıb ki, 2017-ci il 18 yanvar tarixində Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı arasında bağlanmış “Azərbaycan Respublikasında İslam Maliyyələşdirilməsi üzrə hüquqi bazanın işlənib hazırlanmasına dair texniki dəstək haqqında Qrant Sazişi” üzrə benefisiar qurum qismində KOBİA müəyyən edilib: “Ötən dövrdə “Azərbaycanda İslam Bankçılığı üçün Hüquqi Çərçivənin İnkişaf Etdirilməsi” layihəsinin həyata keçirilməsinə dair konsorsium yaradılıb, ekspertlər tərəfindən aidiyyəti dövlət qurumlarında müzakirələr aparılıb. Eyni zamanda, Azərbaycan Respublikasında İslam maliyyəsi ekosisteminin yaradılması üzrə Yol Xəritəsi və “İslam bankçılığı üçün təklif edilən qanunvericilik dəyişiklikləri” haqqında hesabat hazırlanaraq müvafiq dövlət qurumlarına aidiyyəti üzrə təqdim edilib”.
Onun sözlərinə görə, sahibkarlarla investorlar arasında birbaşa təmas yaratmaq məqsədilə Agentlik tərəfindən KOB investisiya portalı (invest.smb.gov.az) yaradılıb və istifadəyə verilib. Artıq bu portalda 26 layihə təklifi, 6 hazır biznes satışı elanı və 1 françayzinq təklifi yerləşdirilib.
“Digər dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Sahibkarlığın İnkişafı Fondu ilə bərabər 10 min manatadək güzəştli kreditə ehtiyacı olan sahibkarlara təminatsız kreditləşmə mexanizminin tətbiqinə start verilib və bu istiqamətdə işlər davam etdiriləcək”,- deyə O.Məmmədov əlavə edib.